Şahmat Qalaktikası

image

Şahmat qalaktikasında bir parlaq ulduz söndü....

Azərbaycan şahmatının bütün dünyada böyük nüfuzu olduğunu artıq hamı yaxşı bilir. Dünyanın ən güclü şahmatçıları da azərbaycanlı həmkarlarına ciddi rəqib kimi yanaşırlar. Müstəqillik əldə etdikdən sonra Azərbaycan idmanında yaranan çiçəklənmə və inkişaf şahmatdan da yan keçməyib. Yeniyetmə və gənc zəka sahiblərimiz dünyanın ən güclü yarışlarında uğurla çıxış edərək, vətənə qələbə ilə qayıdırlar. Yığma komandamız isə qitə çempionatlarında ilk üçlükdə yer almağa başlayıb. Bu, şahmata olan diqqət və qayğının geniş təzahürüdür. Milli komandamızın heyətində yer alan şahmatçılar isə gücü və bacarığı ilə seçilirlər.
Vüqar Qasım oğlu Həşimov 1986-cı il iyulun 24-də Bakı şəhərində anadan olub. Hələ kiçik yaşlarından şahmata maraq göstərən Vüqarın şahmatçı kimi yetişməsində atasının müstəsna rolu olub. Tezliklə böyük uğurlara yiyələnən Vüqar Həşimov bir sıra yarışlarda uğurlara yiyələnib. 1995-1998-ci illər ərzində o, Azərbaycan çempionu adını qazanıb. Bu uğurlar təkcə ölkədaxili yarışlarda əldə olunmayıb. Belə ki, şahmatçımız gənclər arasında 4 dəfə (1996-2000) qitə çempionatının gümüş mükafatçısı olub.
1999-ci ildə beynəlxalq usta adı alan şahmatçımız elə həmin il Kasparov kubokunun qalibi olub. 2002-ci ildə qrossmeyster adını qazanan Vüqar Həşimov karyerası ərzində Azərbaycan yığmasının heyətində 4 dəfə (2002, 2004, 2006, 2008) Ümumdünya Şahmat Olimpiadasında çıxış edib. Bundan başqa 2009-cu ildə (7-9 may) ümummilli lider Heydər Əliyevin kuboku uğrunda milli komandamızın heyətində dünya yığmasına qarşı oyun keçirib. 2007-ci ildə Yunanıstanın İraklion şəhərində yığma komandanın heyətində komandalararası Avropa çempionatında bürünc medal əldə edən Vüqar Həşimov iki il sonra Serbiyanın Novi Sad şəhərində keçirilən analoji yarışda qızıl medala yiyələnib. Qeyd edək ki, yığma komandamızın qitə çempionu adı qazanmasında Vüqar Həşimovun xüsusi rolu olub. GM Vüqar Həşimov çempionatın sonuncu turunda əldə etdiyi həlledici qələbə ilə millimizə qitə çempionu titulunu qazandırıb. 2011-ci ildə isə Vüqar Həşimov Yunanıstanın Porto-Karraş şəhərində keçirilən Avropa çempionatında yığma ilə birlikdə gümüş medala yiyələnib. Qrossmesterimizin beynəlxalq yarışlarda da əldə etdiyi nəticələr yetərincədir. Belə ki, Vüqar Həşimov İtaliyada təşkil olunan "Reggio Emilia” şahmat turnirində ardıcıl olaraq iki dəfə (2010-2011-ci illər) bütün rəqiblərindən üstün olub. Blits üzrə keçirilən yarışlarda daha güclü çıxış edən qrossmeysterimiz daha çox "Bakı Qran-prisi”nin qalibi kimi yadda qalıb. FİDE-nin təşkil etdiyi Qran-pri seriyasında ölkəmizi təmsil edən şahmatçılardan biri olan Vüqar Həşimov 2008-ci ildə (19 aprel- 20 may) Bakıda keçirilən yarışda çempion adını qazanmışdı. FİDE-nin aylıq reytinq cədvəlində də dahi şahmatçımız yüksək nəticələri ilə yadda qalıb. Onun ən yüksək reytinq göstəricisi 2012-ci ilin yanvar ayında olub. İlin ilk reytinq cədvəlində Vüqar Həşimov 2761 əmsala yiyələnib.
GM Vüqar Həşimov 21 dəfə dünya və avropa çempionatlarının qızıl, gümüş və bürünc mükafatlarına layiq görülüb.
50 dən çox müxtəlif miqyaslı beynəlxalq turnirlərin qalibi olub.