GM Vüqar Həşimov xatirələrdə....

image

GM Vüqar Həşimov xatirələrdə....

1986 - 24 iyul Azərbaycan idmanının ən parlaq siması - GM Vüqar Həşimovun doğulduğu gün. Tarixin yaddaşına əbədi həkk olunan tarix. Fitri istedadı, yüksək intellekti, dərin zəkası ilə seçilən qrossmeysterin dünyadan vaxtsız gedişi onun şahmat taxtasındakı gözlənilməz gedişlərini xatırlatdı. Bütün şahmatsevərləri “mat” qoydu. 
Vüqar sakitliyi, mehribanlığı, sadəliyi ilə nəinki qohum-əqrəbanın, onu tanıyan hər kəsin sevgisini, hörmətini qazanmışdı. O, uşaqdan - böyüyə, hamıya qarşı çox diqqətli idi. Bütün özəl günlərdə, bayramlarda heç kimi yaddan çıxarmaz, hətta xaricdə olanda da, zəng edib ad günləri, şad günləri və bayramları təbrik edərdi. 
GM Vüqar Həşimov dərin düşüncə, zəngin intellekt, parlaq zəka, ensiklopedik biliyə malik dahi şəxsiyyət kimi - güclü şahmatçı, təvazökar və nəcib insani xüsusiyyətlərlə zəngin şahmat memarı kimi - doğmalarının və bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. O, şahmatı və mütaliə etməyi çox sevirdi və ona ürəkdən bağlı idi.

- Vüqarın hobbisi kino və musiqi idi. Hətta kinoya olan həvəsini nəzərə alaraq, GM Vüqar Həşimovu Hollivudda qısametrajlı filmə məsləhətçi kimi dəvət etmişdilər. Qeyd edək ki, Vüqar, həmçinin filarmoniyada təcrübəli müəllimlərdən musiqi dərsləri alırdı və praktik həyatda da onları müvəffəqiyyətlə həyata keçirirdi. Dünya bəstəkarlarının əsərlərini böyük ustalıqla ifa edirdi. Ən çox sevdiyi idman növləri isə futbol, böyük tennis, stolüstü tennis və bilyard idi. Vüqar tennis dərsləri ilə Bakı Tennis Akademiyasında təcrübəli məşqçilərin rəhbərliyi altında məşğul olub.

- Vüqar boş vaxtlarında qardaşı Sərxanla (beynəlxalq usta) daha çox sağlam rəqabətli şahmat oynamağa üstünlük verirdi. Onların qarşılaşmaları da hər zaman gərgin mübarizə şəraitində keçirdi. Vətəndə olanda günün çox hissəsini hazırlıqlara ayırırdı. Vüqarın çox güclü kompüter analiz mərkəzi var idi. Hansı ki, o mərkəzi - Vüqar idarə edirdi, kompüter Vüqarı yox. GM Vüqar Həşimov bütün intellektual oyunlara dəvət olunurdu. “Nə? Harada? Nə zaman?” oyunlarında da dəfələrlə Vüqar qonaq qismində iştirak edib və suallar verirdi.
O, öz ömrünü şahmata həsr etdi. Təəsüf ki, Vüqar Azərbaycanda az olduğundan onunla doyunca ünsiyyət qurmaq olmurdu. Vüqar çox maraqlı insan, çox maraqlı həmsöhbət, iştirak etdiyi hər bir məclisə rəng qatan, şən şəxsiyyət idi. GM Vüqar Həşimov bütün stolüstü oyunların mahir ustası idi.

- GM Vüqar Həşimov Azərbaycan şahmat tarixinin ən güclü yaradıcılarındandır. GM Vüqar Həşimov İstər komanda, istərsə də fərdi yarışlarda tarixi uğurlara imza atmağı ustalıqla bacardı. Vüqar şahmat yolunda çox mürəkkəb, maneələrlə dolu yol keçdi. Əslində, onun arzuları çox idi. Onun əsas həyat prinsipi və arzusu - 1998-ci ildə ümummilli lider Heydər Əliyevlə görüş zamanı ulu öndərin verdiyi tapşırığı – Dünya Şahmat Tacını Azərbaycana qaytarmaq idi. Bu məqsədə çatmaq üçün də onun çox böyük planları var idi. Təəssüf ki, Vüqarın bütün arzuları və planları yarımçıq qaldı...Məkanın cənnət olsun Vüqar....