Vüqarla söhbət

image

Vüqar Həşimovla bağlı xatirələr

Vüqar Qasım oğlu Həşimov 24 iyul 1986-cı ildə Bakıda anadan olub. O, yaşasaydı, 32 yaşını qeyd edəcəkdi. Amma təəssüf ki, o, həyatda deyil. V.Həşimov yanvar ayının 11-də bütün sevənləri ilə əbədi vidalaşdı.
Bu gün dahi şahmatçımızın ailə üzvləri ilə həmsöhbət olduq. V. Həşimovun doğmaları və dostları onunla bağlı xatirələrini bölüşdülər.

İlk həmsöhbətimiz Vüqarın atası Qasım Həşimovdur:
"Bütün Azərbaycan xalqı və dünya şahmatçıları bildirirlər ki,GM Vüqar Həşimov təkcə dahi şahmatçı deyil, o həm də dahi şəxsiyyətdir. Onu yaxından tanıyan adamlar bilirlər ki, Vüqarın nə qədər böyük potensialı var idi. Vüqar bu dünyada çox böyük hörmət qazanmışdı. O, Azərbaycanın adını dünyada tanıtmışdı. Elə bir şahmatçı yoxdur ki, ona Vüqar qədər böyük dəyər verilsin. Oğlum yüksək pilləyə qalxdı və çox tez həyatdan köçüb getdi. Onun qəfil gedişi dünya şahmat sevərləri üçün gözlənilməz oldu".

“Vüqar heç vaxt şan-şöhrət arxası ilə qaçmazdı. İnsan həyatı üçün vacib olan özəl günləri belə həmişə dostları ilə birlikdə çox sadə qeyd edərdi. Bu gün də Vüqarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müəyyən işlər görülür. Ancaq hələ bu çox azdır. Çünki Vüqarın nəzəriyyə və yeniliklərini hələ biz üzə çıxarda bilməmişik. Baxmayaraq ki, hörmətli prezidentimizin də müəyyən tapşıqları var. Ancaq Vüqarın nəzəriyyələri ilə bağlı hələ də heç bir dərslik hazırlanmayıb. Amma yarışlar, tədbirlər keçirilir.

Mən Vüqarın xatirələrini həmişə ürəyimdə yaşadıram. O, mənim ürəyimdə yaşayır və yaşayacaq. Onu heç vaxt dünyadan köçmüş kimi qəbul etmirəm. Mən bu gün də Vüqarı həyatda hiss edirəm və qəbul edirəm. Elə an olur ki, oğlumun şəkilinə həddən çox baxıram, tez üzümü başqa tərəfə çevirirəm. Çünki onun yoxluğunu təsəvvür belə etmək istəmirəm. O, ürəyimdə daimi yaşayacaq. Nə qədər ki, mən sağam, oğlum Vüqar mənimlə yaşayacaq. Əgər bircə gün bilsəm ki, Vüqar məni tərk edib gedib, həmin gün mən də yaşamaram.

Beynəlxaq qrossmeysterin qardaşı Sərxan Həşimov isə hissələrini belə ifadə etdi: “Vüqar elə bir insan idi ki, mən onunla bağlı danışa bilmərəm. O, çox böyük insan və çox böyük şəxsiyyət idi. Onu təsvir etmək üçün mən söz tapa bilmirəm”.

Sonda isə V. Həşimovla bağlı dostu, şahmat üzrə qrossmeyster, ikiqat Avropa çempionu Şəhriyar Məmmədyarov öz fikirlərini bölüşüb:
“18 ilə yaxındır ki, biz Vüqarla bir yerdə şahmat oynamışıq. Bu müddət ərzində biz həmi rəqib olmuşuq, həm də birlikdə yarışlara getmişik. 18 il az müddət deyil. Biz bu illər ərzində bir-birimizi çox yaxşı tanımışıq. Vüqarın bir şahmatçı kimi, həm də adi bir insan kimi xasiyyətinə bələd olmuşam..

Bir yerdə ad günlərimizi də qeyd etmişik. Vüqarla mənim həyatım çox qəribə olub. Bizim başımıza gəlməyən bir iş olmayıb. Onunla çətinlikləri, məğlubiyyət v ə qələbələri də birlikdə görmüşük. Xoşbəxtçiliyimiz ondadır ki, qalibiyyətlərimiz məğlubiyyətlərdən dəfələrlə çoxdur. Onunla rəqib də olmuşuq, bir-birimizi udmuşuq. Bu qələbə və məğlubiyyətlər heç vaxt münasibətlərimizə mənfi təsir göstərməyib.

Vüqar milli komadamızda məğlubiyyəti və qələbəni ən yaxşı qəbul edən şahmatçımız olub. O, uduzsa belə rəqibini çox yaxşı təbrik etməyi bacarırdı. Dostları bu gün də Vüqarın yanındadırlar. Xaricdən Azərbaycana gələn şahmatçılarla da biz həmişə Vüqardan danışırıq, onun xatirəsini yad edirik”.

Ş. Məmmədyarov dostu ilə bağlı xatirələrini də yada salıb: “Mən hər zaman Vüqarı ad günlərində təbrik etmişəm. O, mənə deyirdi ki, ən böyük arzusu dünya çempionu yox, şahmat olimpiadasının qalibi olmaq idi. İstəyirəm ki, gələn il şahmat olimpiadası Azərbaycanda keçirilsin. Biz də qələb qazanıb, Vüqarı təbrik edək. Azərbaycan şahmatında Vüqarın yeri əvəzolunmazdır. 
Vüqar heç vaxt ad günləri keçirməyə meyilli deyildi. Biz Avropa çemionatlarındakı qələbələrimizi də qəribə formada qeyd edirdik. Səhər durub çay içməyə gedirdik. Çox vaxt isə qalibiyyətdən sonra gedib “playstation” oynayırdıq.

1994-cü ildə biz uşaq olanda baş vermiş bir hadisəni də sizə danışmaq istəyirəm. Həmin vaxt da biz dost idik. Şahmat oynadıq. Sonra birlikdə gedib dondurma yedik və qalibiyyətimizi qeyd etdik. O, vaxtlar çox xoşbəxt idik. Bizim xoşbəxt olmağımız üçün çox böyük şeylər lazım deyil.

Vüqarın yoxluğunu hiss edirəm. Əsasən şahmat yarışlarında onun yoxluğu daha çox özünü biruzə verir. Çətinliyə düşən zaman Vüqar bir yol tapıb komandamızı vəziyyətdən çıxarırdı. Onun zarafatları üçün çox darıxırıq. Bütün getdiyim turnirlərdə onu şoruşurlar.

Vüqarın mənə dediyi sözlər həmişə yadıma düşür. Amma o sözləri heç kimlə bölüşə bilmərəm. Onunla açıq da zarafatlar ediridik. Bu zaman bir-birimizin xətrinə dəymirdik. Vüqar mənə iki cümlə şeir qoşmuşdu. Həmin şeiri deyən zaman Vüqar özünü gülməkdən saxlaya bilmirdi.

Adımla bağlı bir zarafat edirdi. Vüqar ciddi sözü də elə deyirdi ki, heç kəsin xətinə dəymirdi. Həyatda olsaydı, onu hər kəsdən öncə ad günü münasibəti ilə mən təbrik edərdim. Vüqar heç vaxt yaxşı bir yerdə ad günü keçirmək istəməzdi. O, bulvarda oturub dondurma yemək və bilyard, playstation oynamaqla ad günü keçirməyi daha çox sevirdi. Biz həmişə yaşımızdan fərqli olmuşuq. Yaşımız az olanda böyük kimi, çox olanda isə kiçik kimi olmuşuq”.

Ş. Məmmədyarov həmçinin mərhum şahmatçımızın heç kəsin indiyə qədər bilmədiyi istedadından da söhbət açıb: “Vüqar çox gözəl şeirlər yazardı. Şeirlərini həmişə mənə göndərirdi. Amma mənə onun kimi şeir yazmaq istedadı verilməyib. Elə bir istedadım olsaydı Vüqara mütləq şeir yazardım. O, bir saniyənin içində gözəl şeir yazırdı.

Şeirləri çox acı və kədərli alınırdı. Vüqar daha çox həyatdan, sevgidən yazırdı. Onun şeirlərindən danışan zaman da mənə təsir edir. Yəqin ki, ailəsi kitab çıxaracaq.

Biz Pekində olan zaman Vüqarla o qədər dostlaşmışdıq ki, udduğumuz bütün pulları bir-birimizlə bölüşəcəyimizlə bağlı söz də vermişdik. İstəyirdik ki, qazancımız bir olsun. Uğurlarımıza sevinirdik.

Vüqarın uğuru hər zaman mənim uğurum olub. Mənim də uğurum hər zaman Vüqarındır!”.