Xatirə yarışları

image

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun təşkilatşılığı ilə mərhum beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə çempionat keçirilib. 5 gün davam edən qarşılaşmanın nəticələri bəlli olub. 
BiG.AZ-ın məlumatına görə, fəxri qonaqların iştirakı ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində final mərhələsi baş tutub. Tədbiri açan İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev iştirakçılara uğurlar arzu edib.

Qeyd edək ki, çempionatda nazirliyin 24 qurumu və bu qurumlarınvə 100-ə yaxın nümayəndəsi iştirak edib. Bu, 2014-cü ildə klubun ilk yarışı hesab edilir. 5 gün davam edən şahmat oyununu Beynəlxalq dərəcəli baş hakim Bəxtiyar Rüstəmov, beynəlxalq dərəcəli baş katib Vitali Sopranov, Respublika dərəcəli hakim Azər Abdullayev və 1-ci dərəcəli hakim Anar Əliəkbərov izləyiblər. Tədbirdə fəxri qonaq qismində Vüqar Həşimovun atası Qasım Həşimov, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, 4 qat çempion, peşəkar kinqboksçu Pərviz Abdullayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov iştirak ediblər. 

Oyun başa çatdıqdan sonra fəxri qonaqların iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. Füzuli Musayevin nitqindən sonra iştirakçılar həm komanda, həm də fərdi şəkildə təltif olunublar. 

İsgəndərov Ramiz (FHN-nin Akademiyası) 1-ci yer, Əsədov Elçin (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) 2-ci yer, Məmmədov Dəyanət (Şimal Qərb Regional Mərkəzi) 3-cü yer fərdi şəkildə diplom, medal, qiymətli hədiyyələrlə təltif olunub.

Komanda şəklində isə 1-ci yerə Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), 2-ci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA), 3-cü yerə FHN-nin Akademiyası layiq görülüb və hər üç qalibə kubok təqdim edilib. Tədbirin irəliləyən dəqiqələrində Vüqar Həşımovun atası tədbirin təşkilinə görə minnətdalığını bildirib və davamlı olmasını arzu edib.

Tədbirin sonunda çıxış edən Füzuli Musayev bunları qeyd edib: “Vüqar Həşimov Azərbaycanı layiqincə təmsil edib, adını zirvələrə ucaldan şahmatçı olub. Onun xatirəsinə həsr olunan bu tədbirdə fəxri qonaq olaraq, başda atası Qasım müəllim və digər tanınmış şəxslər yaxından iştirak etdilər. Məlumat üçün bildirim ki, Gənclər və İdman naziri Azad Rəhimov şahmat turnirini ənənəviləşdirib. Böyük ehtimalla bizim qurum da eyni addımı atacaq və hər bir şahmat yarışı Vüqar Həşimovun xatirəsinə həsr ediləcək. 5 gün davam edən yarış isə gərgin mübarizə şəraitində keçdi və qaliblər müəyyən edilərək mükafatlandırıldı”.